Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Mikayıl Müşfiqin xatirəsi anıldı

06 yanvar 2022 | 11:00

Azərbaycan ədəbiyyatının unudulmaz siması Mikayıl Müşfiqin vəfatından 84 il ötür. Yasamal rayon İcra Hakimiyyəti və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə ölməz şairin xatirə günündə poeziyasevərlər ənənəyə sadiq qalaraq onun Yasamal rayonundakı abidəsi önünə toplaşıb gül dəstələri qoydular. 29 yaşında əqidəsi uğrunda ölümə tuş gələn Mikayıl Müşfiq poeziyasevərlərin qəlbində əbədi taxt qurmağı bacardı. Vəfatından 84 il ötsə də Müşfiqsevərlər ustadın abidəsi qarşısına toplaşaraq onun doğum və anım günlərini qeyd edirlər.

Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində görkəmli şair Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi parkda Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Respublika Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə, “Cabir Novruz” Mədəniyyət fondunun üzvləri, Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbin müəllim və şagird heyəti,  Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Müşfiqsevər ziyalılar  iştirak edirdi. Hər il Müşfiqsevərlər dahi şairi anmaq üçün buraya toplaşırlar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə Müşfiq yaradıcılığına ölkə başçısı tərəfindən verilən yüksək qiymətdən, diqqət və qayğıdan danışaraq poeziya ustasının yaradıcılığından söz açdı, bu gün hər bir azərbaycanlının qəlbində onun əziz xatirəsinin dönə-dönə yaşayacağını vurğuladı.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova  çıxış edərək bildirdi ki, Azərbaycan xalqı həmişə ədəbiyyata, sözə böyük dəyər verib. Mikayıl Müşfiq adı Azərbaycan ədəbiyyatına həkk olunmuş böyük şəxsiyyətlərdən biridir. Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı  və xoşbəxt şairlərdəndir, çünki hər il  burada ənənəyə sadiq qalaraq  bu qədər Müşfiqsevərlər toplaşır.

Digər çıxışçılar da vurğuladılar ki, hazırda Xızı rayonunda şairin adını daşıyan muzey fəaliyyət göstərir.Muzey Xızı sakinləri və rayona gələn qonaqların diqqət mərkəzindədir. Mikayıl Müşfiqin xatirəsi hər zaman əziz tutulur.

Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər