Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan xalqı çox qürurludur

08 oktyabr 2021 | 11:00

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 3-ü Tərtər və Bərdə rayonlarına, 4-ü isə Cəbrayıl rayonuna səfəri gözlənilən idi. Dövlətimizin başçısı demək olar ki, hər ay işğaldan azad olunmuş və yaxud müharibə zamanında zərər çəkmiş rayon və şəhərlərimizi ziyarət edir. Tərtər, Bərdə rayonları və Gəncə şəhəri Vətən müharibəsi zamanı ən çox ziyan dəymiş ərazilərimiz sırasındadır. Xüsusilə, Tərtər rayonu erməni təcavüzkarları tərəfindən top və uzaq mənzilli raketlərin ən çox atəşinə tutulmuş rayonumuz sırasındadır. Orada çoxsaylı evlər dağıdılıb, insanlar qətlə yetirilib. Həmçinin Bərdə rayonuna atılan raket zamanı xeyli dinc, günahsız vətəndaşımız həlak olub. Lakin, Azərbaycan xalqı sıx birləşərək düşmənin amansız hücumlarına qarşı sinə gərmiş, bir vətəndaşımız belə qorxmayaraq öz evini tərk etməmişdir. Prezident İlham Əliyev ilk günlərdən Bərdə, Tərtər rayonlarının, Suqovuşan qəsəbəsinin və Talış kəndinin bərpası üçün lazımi tapşırıqlarını verib və həmin ərazilərdə çox mühüm tədbirlər həyata keçirilir. İnfrastruktur layihələr davam edir, yollar çəkilir, ərazilər minalardan təmizlənir. Bu ərazilərdə həyatın canlandırılması üçün tədbirlər görülməkdədir. Bərdə Azərbaycanın böyük təsərrüfat və mədəni cəhətdən inkişaf edən rayonlarındandır. Orada peşə məktəblərinin açılması və gələcək bir çox vəzifələrin müəyyənləşdirilməsi göstərir ki, ölkə rəhbəri Bərdənin inkişafında olduqca maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O qeyd edib ki, müharibənin ilk günlərində işğaldan azad edilmiş Tərtərin Talış kəndi yüksəkliyi mühüm strateji əhəmiyyətə malik ərazilərdən biridir: “İgid, qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində ələ keçirilmiş bu yüksəklik bizim uğurlu yolumuzun başlanğıc istiqamətlərindən biri oldu. Talış yüksəkliyinin ardınca həmin gün Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun gözünü qorxutdu, “yenilməz Ermənistan ordusu” mifologiyasını dağıtdı, onlarda psixoloji gərginlik yaratdı. Üçrəngli bayrağımızın Talış yüksəkliyi və Suqovuşanda dalğalanması bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı. Bu torpaqların hərbçilərimizin canı-qanı hesabına alındığını söyləyən ölkə Prezidenti bu ərazilərin əhəmiyyətini belə qeyd etmişdir: “Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı”. Suqovuşan səfərində dövlətimizin başçısı yenidənqurma işlərindən söz açaraq “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları işğaldan azad olunmuş ərazilərin, xüsusilə Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacağını, burada istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkənin yeni çəkilən xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcəyini qeyd edib və hər iki stansiyanın açılışını edib”.

YAP Yasamal rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev Suqovuşanda erməni barbarlığına toxunaraq ermənilərin necə bir vəhşi xislətdə olduğunu bir daha diqqətə çatdırıb: “Prezident İlham Əliyev Suqovuşan səfəri zamanı Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın cinayətkar əməlləri, xain, qorxaq, simasız birisi olması, onun keçmişi ilə bağlı faktları da açıqladı. O qeyd etdi ki, müharibə vaxtı minlərlə erməni əsgər və zabiti fərarilik edirdi. Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi: “Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

B.Nəbiyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Sarkisyanın ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanındığını, onun oğurluğu haqqında Ermənistanda bir nəfər belə bilməyənin olmadığını söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldaraq Ermənistandakı revanşist fikrə düşənlərə növbəti və sərt mesajını verdi: “Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz”.

Daha sonra qeyd edilib ki, Ali Baş Komandanımızın qətiyyəti, cəsarəti, dəqiqliyi Vətən müharibəsi zamanı bizi bir saniyə belə qələbə inamımıza tərəddüd etdirmədi: “Oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olan dövlətimizin başçısı görülən işlərlə tanış olub. Prezident İlham Əliyev yüksək keyfiyyətdə görülən işlərin davamlı olacağını, Qarabağ infrastruktur layihələrinin Azərbaycanı regionda sabitlik qarantına çevirəcəyini vurğulayıb. Bununla belə Prezident İlham Əliyev regionda dövlətlərarası münasibətlərə toxunaraq siyasi mesajlar verib: Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun.

Həqiqətən də ölkə Prezidentin Cəbrayıldan, birbaşa İranla sərhəddən təmkinli, ciddi və soyuqqanlı şəkildə İrana səslənməsi rəsmi Tehranın İsraillə bağlı məqamlarda Bakıya qarşı əsassız ittihamlardan əl çəkməsinə ciddi bir mesaj idi. Daha sonra Prezident İlham Əliyev müstəqil dövlətin suveren hüququ olan daxili işlərinə qarışmamaq hüququnu dilə gətirməsi, Azərbaycanın xarici siyasətini özünün müəyyənləşdirdiyini bildirməsi Tehrana “daxili işlərimə qarışma” mövzusunda vacib bir xatırlatmadır: "Biz hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir. Biz axı Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var. İkinci Qarabağ müharibəsi bunu göstərdi və bu gün, görün, Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni, biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir. Bəli, haradasa daxili aləmimizdə bundan narahat ola bilərik, bizi incidə bilər, xüsusilə yaxın olan ölkələr Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq edəndə. Amma biz bunu heç vaxt dilə gətirmirik”.

Regionda Azərbaycanın məqsədinin siyasi sabitliyin daimi olmasını, sülhün tərəfdarı olduğunu bildirən ölkə Prezidenti Ermənistan tərəfinin buna hazır olduğu təqdirdə danışıqların aparıcı olacağını qeyd edir: “Bu yaxınlarda mən demişdim ki, Ermənistanın baş naziri ilə görüşməyə hazıram. O da demişdi ki, hazırdır. Yəni, bu nəyi göstərir? Bu onu göstərir ki, bizim gündəliyimiz artıq burada qəbul olunur. Bəziləri yəqin ki, bundan narahatdır. Amma əsas odur ki, Azərbaycanla Ermənistan arasında barışıq olsun, yəni sülh müqaviləsi imzalansın".

Dövlətimizin başçısı bildirib ki, Ermənistanda ictimai-siyasi sabitlik yaradılarsa, gələcəkdə iki xalq birgə yaşaya bilər. Ona görə də xatırladır ki, erməni xalqı bu müharibəyə şərait yaradan rəhbərləri haqda lazımi ölçü götürməlidir və onlar cəzalandırılmalıdır. Çünki Qarabağda ermənilərin təcavüzkar hərəkəti üçün Ermənistanın keçmiş rəhbərliyi cavabdehdir. Prezident dəfələrlə erməni xalqına səslənərək bildirib ki, öz övladlarını Qarabağda müharibəyə göndərməsinlər. Azərbaycan Prezidentinin müsahibələrində irəli sürdüyü bu fikirlər onun sülh tərəfdarı olmasının ən bariz nümunəsidir. Dövlət başçımız mütəmadi olaraq çıxışları ilə insanları haqqa, ədalətə çağırır.

Cəbrayıl rayonunda səfər etmiş Prezidentimiz Azərbaycan xalqına təşəkkürünü bildirib: “Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq".

“Bu gün Azərbaycan xalqı çox qürurludur. Ona görə ki, müharibədə qalib gəlib, uzun illər həsrətində olduğu doğma torpaqlarını işğaldan azad edib. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlərin, praqmatik siyasətin sayəsində nail olduq. Artıq Cəbrayılın işğaldan azad olunmasından bir il ötür. Əminik ki, Cəbrayıl da daxil olmaqla düşmən tapdağından xilas edilmiş bütün torpaqlarımız tezliklə güllü-gülüstana çevriləcək, öz insanlarını, oradan vaxtilə məcburi köçkün salınmış vətəndaşlarımızı öz qoynuna alacaqdır”, - deyə B.Nəbiyev bildirib.

AZƏRTAC

Keçidlər