Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu bütün dünyaya öz gücünü, qüdrətini, döyüşkən ruhunu nümayiş etdirdi

05 iyul 2021 | 11:00

Universitetdə təhsil aldığım illərdə müəllimim “Krasnaya Zvezda” qəzetində dərc edilmiş bir məqalədən danışırdı. Həmin məqalədə bir erməni vətəndaş daha Qarabağ uğrunda döyüşlərə getmək istəmədiyini deyir, bunun səbəbini Azərbaycanın güclü ordusunun olması ilə izah edirdi. Çox güman ki, o, Azərbaycan Ordusunun gücünü 2016-cı ilin Aprel döyüşlərində görənlərdən idi.

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin şəxsin dediklərini bütün çalarları ilə ortaya qoydu. Azərbaycan Ordusu düşmənin illərlə möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Düşmən də, düşmənə havadarlıq edən dövlətlərə də, işğalçı dövlətin muzdlularına da gücümüzü göstərdik. Azərbaycan Ordusu bütün dünyaya öz gücünü, qüdrətini, döyüşkən ruhunu nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

O bildirib: “Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqları əsgər və zabitlərimizin qanı-canı bahasına geri aldı. Biz haqq-ədalət, Vətən, torpaq sevgisi uğrunda mübarizə aparırdıq. Döyüşə atılan hər bir əsgərimizi düşündürən yalnız və yalnız Vətən torpaqlarının azad edilməsi idi. Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımıza səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”.

Ruhumuzu, qəlbimizi oxşayan bu kəlmələr həm Zəfəri qazananlara, həm də hər bir azərbaycanlının qüruruna ehtiramdır. Bu ehtiram həm də azərbaycançılıq ideologiyasına olan ehtiramdır.

“Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi və bu sənəddə öz əksini tapan müddəalar, həmçinin işğaldan azad edilmiş ərazilərdə sürətlə aparılan quruculuq işləri onu deməyə imkan verir ki, Azərbaycanı qarşıda daha böyük uğurlar və qələbələr gözləyir. Azərbaycanımız bundan sonra daha da qüvvətlənəcək və möhkəmlənəcək”, - deyə deputat vurğulayıb.

azertag.az

Keçidlər