Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Ağsaqqallar şurasının Hesabat- Seçki konfransı keçirilib

17 yanvar 2020 | 11:00

Yanvarın 17-də Yasamal rayon İcra Hakimiyyətinin kiçik akt zalında Yasamal rayon Ağsaqqallar şurasının növbəti Hesabat- Seçki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin, ötən dövrdə dünyasını dəyişmiş Ağsaqqallar şurasının üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. İcra başçısı bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağsaqqalların və ahıl insanların ölkənin mədəni-ictimai həyatındakı rolundan danışaraq icra başçısı qeyd etdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində bu qəbildən olan insanların fəaliyyəti danılmazdır.

Konfransda çıxış edən millət vəkili Ziya Səmədzadə, Azərbaycan Ağsaqqallar şurasının aparat rəhbəri Yaqub Mehdiyev və Azərbaycan Ağsaqqallar Şurasının Sədr Müavini, AMEA-nın müxbir üzvü Südeif İmamverdiyev, Pediatriya Elmi Tədqiqat İnstitutunun direktoru Nəsib Quliyev respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə ahıl vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Çıxış edənlər Ağsaqqallar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.

Yasamal rayon Ağsaqqallar şurasının hesabat-məruzəsi dinlənildi. Konfrans iştirakçıları tərəfindən hesabat qənaətbəxş hesab edildi. Rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirdilər, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Yasamal rayon Ağsaqqallar şurasının 13 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.

Səsvermə nəticəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov Yasamal rayon Ağsaqqallar şurasının sədri seçilib.

Keçidlər