Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Mikayıl Müşfiqin xatirəsi anıldı

06 yanvar 2020 | 11:00

Azərbaycan ədəbiyyatının unudulmaz siması Mikayıl Müşfiqin vəfatından 82 il ötür. Yasamal rayon İcra Hakimiyyəti və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə ölməz şairin xatirə günündə poeziyasevərlər ənənəyə sadiq qalaraq onun Yasamal rayonundakı abidəsi önünə toplaşıb gül dəstələri qoydular. Ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda 29 yaşında əqidəsi uğrunda ölümə tuş gələn Mikayıl Müşfiq poeziyasevərlərin qəlbində əbədi taxt qurmağı bacardı. Vəfatından 82 il ötsə də Müşfiqsevərlər ustadın abidəsi qarşısına toplaşaraq onun doğum və anım günlərini qeyd edirlər.

Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində aparılan yenidənqurma və yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi parkda Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Ülvi Quliyev, “Cabir Novruz” Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov, Respublika Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə, Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Müşfiqsevər ziyalılar iştirak edirdi. Hər il Müşfiqsevərlər dahi şairi anmaq üçün buraya toplaşırlar. Bu il də söz qədri bilənlər sabahını Mikayıl Müşfiqi ziyarətlə yaşamağa başladı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə Müşfiq yaradıcılığına ölkə başçısı tərəfindən verilən yüksək qiymətdən, diqqət və qayğıdan danışaraq poeziya ustasının yaradıcılığından söz açdı, bu gün hər bir azərbaycanlının qəlbində onun əziz xatirəsinin dönə-dönə yaşayacağını vurğuladı.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı həmişə ədəbiyyata, sözə böyük dəyər verib. Mikayıl Müşfiq də ölkəmizdə sevilən şairlərdən biridir. Mikayıl Müşfiq adı Azərbaycan ədəbiyyatına həkk olunmuş böyük şəxsiyyətlərdən biridir. Yaradıcılığının çiçəklənən dövründə repressiyaya məruz qalan Mikayıl Müşfiq çox qısa ömür yaşadı. Amma buna baxmayaraq onun əsərləri həmişə dillər əzbəri olub. Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir və xoşbəxt şairlərdəndir, çünki bu gün burada ənənəyə sadiq qalaraq bu qədər Müşfiqsevərlər toplaşıb.

Tədbir təşkilatçıları vurğuladılar ki, hazırda Xızı rayonunda şairin adını daşıyan muzey fəaliyyət göstərir.Muzey Xızı sakinləri və rayona gələn qonaqların diqqət mərkəzindədir. Mikayıl Müşfiqin xatirəsi hər zaman əziz tutulur.

Məşhur tarzən Qurban Pirimovun nəticəsii Asim Pirimovun “Oxu tar” ı tarda ifa etməsi iştirakçılarda böyük marağa səbəb oldu.

Sonra Müşfiqsevərlər Xızı şəhərinə,onun doğma ocağına yola düşdülər , orada ölməz şairin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında 112 ağac əkiləcək.

Keçidlər