Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salındılar

08 oktyabr 2019 | 11:00

Azərbaycan xalqının qəhrəman övladı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən yolasalma mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başladı.

İştirakçılar abidənin önünə əklil və gül dəstələri qoydular.

Sonra torpaqlarımızın azadlığı və suverenliyi yolunda şəhid olan əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf etdikcə, ordumuzun da qüdrəti artır.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd etdi ki, bu gün bizim gənclərimiz vətən qarşısında müqəddəs borclarını yerinə yetirməyə yola düşürlər. Bu borcun bircə adı var: ana, vətən, torpaq. Bu gündən onlar əsgər adını daşıyırlar və bu adı şərəflə daşımaq hər bir Azərbaycan igidinin borcudur. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Bütün hərbi hissələrimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bütün lazımi avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb.

Bu gün Lələ-təpə yüksəkliyində Azərbaycan bayrağı əzəmətlə dalğalanır.Qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlı kəndinə ailələr öz doğma yurduna qayıdıb. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı. Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyeva demişkən, heç bir ana istəməz ki müharibə olsun. Biz istəyirik ki, torpaqlarımız geri qayıtsın, bizim başqa dövlətin, xalqın torpağında gözümüz yoxdur. Ədalətsiz işğalçı siyasətinin qarşısını almaq üçün bizim qəhrəman ordumuz var, qəhrəman əsgərimiz var. Azərbaycan xalqı üçün hər bir əsgəri dəyərlidir, əzizdir.
Digər çıxış edənlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, ordu quruculuğu sahəsində görülən işlərin torpaqlarımızın işğaldan azad olunmasına yönəldilməsindən söz açdılar.

Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, çağırışçı gənclərə Vətənə layiqli əsgər olmağı tövsiyə etdilər.

Gənclər çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Yola salınan gənclər Azərbaycan bayrağını öpərək Vətənə sədaqət andı içdilər.

Keçidlər