Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Polis günü qeyd olundu

02 iyul 2019 | 11:00

İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Yasamal rayon İcra Hakimiyyəti rayon Polis İdarəsində tədbir keçirdi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Polis İdarəsinin rəisi və əməkdaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal rayon İdarəsinin rəisi, rayon prokuroru, SHXÇ üzrə DX rayon idarəsinin rəisi, veteran polislər iştirak etdilər.

Tədbiri rayon Polis İdarəsinin rəisi polkovnik Cəmil Əmirov açaraq bildirdi ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib və yerinə yetirəcəkdir.

Rayon Prokuroru Rasim Hacıyev çıxış edərək Azərbaycan Polisinin dövlətçilik və ictimai asayişin qorunmasındakı rolundan danışdı. Vurğuladı ki, bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Dövlətimizin asayişini qorumaq onların üzərinə düşür, biz də hər zaman onlara dəstək olmalıyıq.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev Azərbaycan Polisi Günü münasibətilə rayon Polis İdarəsinin rəisi və əməkdaşlarını təbrik edərək söylədi ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları mərdlik, cəsarət və rəşadətlərlə zəngin bir yol keçmişdir. Polisin şanlı tarixinin ən mühüm mərhələləri, sözsüz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra, Daxili İşlər Nazirliyinə dövlət qayğısı güclənməklə xalqa sədaqətli kadrların irəli çəkilməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildi. Bunun nəticəsi idi ki, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanın təcavüzünə qarşı mübarizənin ön sıralarında mərdliklə döyüşən polis yüzlərlə şəhid versə də, öz vətəndaşlıq borcunu sonadək yerinə yetirdi.

Digər çıxış edənlər Azərbaycan Polisi Günü münasibətilə rayon Polis İdarəsinin bütün əməkdaşlarını təbrik edərək bildirdilər ki, dövlətimizin asayişini qorumaq onların üzərinə düşür, biz də hər zaman onlara dəstək olmalıyıq.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” və hədiyyələr təqdim edildi.

Keçidlər