Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirildi

17 yanvar 2019 | 11:00

17 yanvar 2018-ci il tarixində Yasamal rayon bələdiyyəsinin yenio yaradılmış kitabxanasında Yasamal rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi, Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının, Yasamal rayon bələdiyyəsinin əməkdaşları, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri, rayonun ağbirçək və ağsaqqalları, müharibə və əmək veteranları, din xadimləri və rayon ictimaiyyəti iştirak etdilər.

Tədbiri açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışdı. Təravət Muradova qeyd etdi ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd etdi. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söylədi. Aynur Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.

Layihənin slaydlar üzərində təqdimatından sonra çıxış edən rayon ziyalısı, professor Rəna Mirzəzadə, Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov və rayon Ağbirçəklər Şurasının sədri Tamilla Şahbazova “Ailə Akademiyası” layihəsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğuladılar.

“Milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi” mövzusunda davam edən dəyirmi masada Bələdiyyələrlə iş mərkəzinin sədr müavini Əli Əkbərli, “Hacı Soltanəli” Məscidinin imamı Hacı İbrahim Yarıyev, Yasamal rayon Qeydiyyat şöbəsinin böyük mütəxəssisi Səadət Şükürova, rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva çıxış etdilər.Natiqlər layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs etdilər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olundu.

 

Keçidlər